Bu gün Bakıda işə başlayan Beynəlxalq Tibbi Treninqdə Azərbaycanın bütün bölgələri təmsil olunur, bəzi iştirakçılar tədbirə zoom proqramı üzərindən qoşulub. Treninqlərdə 300-dən çox iştirakçı qeydiyyatdan keçib, onlardan 60 nəfəri Hindistan, Tacikistan, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrdən gələnlərdir.

Bunu AZƏRTAC-a müsahibəsində Beynəlxalq Tibbi Treninq günlərinin rəsmi açılış mərasimində akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Azərbaycan-Almaniya Tibb Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov deyib.

“Beynəlxalq Tibbi Treninq günlərinin rəsmi açılış mərasimində 8 mühazirə dinləniləcək və sonda zala translyasiya olunmaqla regionda yalnız Azərbaycanda icra olunan müasir bir əməliyyatın aparılması planlaşdırılır. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə biz bu cür beynəlxalq treninqlərin daha çox keçirilməsini düşünürük. Gələcəkdə belə treninqləri regionlarda da keçirməyi planlaşdırırıq”.