Главная

 

Əziz həkimlər, rezidentlər və tələbələr!

22-25 aprel 2023-cü il tarixlərində Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş növbəti Beynəlxalq səviyyəli 6. Azərbaycan-Alman-Türk Tibb Konqresi və 8. Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçiriləcəkdir. Tədbirdə Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya-Hersoqovina, Filippin, Sinqapur və  bir sıra dünya ölkələrindən olmaqla 60 nəfərdən çox xarici məruzəçi, moderator və iştirakçılarla yanaşı Avropa və Asiya Endoskopik və Laparoskopik cərrahlar cəmiyyətlərinin rəsmiləri də iştirak edəcəkdir. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Avropa davamlı Tibb Təhsili Mərkəzləri tərəfindən akkreditasiya olunaraq 20 davamlı tibb təhsili balı ilə qiymətləndirilmişdir. Tədbirin gedişində 10-dan çox maraqlı canlı əməliyyatların ( cərrahi, endoskopik, invaziv radioloji və s.) iclas zalına  translyasiyası və iştirakçılarla bərabər müzakirəsi təşkil ediləcəkdir.  İlk dəfə olaraq bu səviyyəli beynəlxalq tibb konqresinin bir hissəsi Azərbaycanın cənub regionunda keçiriləcəkdir. Belə ki, tədbirin açılışı və plenar iclasları 22 aprel 2023 tarixində Astara rayonunda, treyninq və ustad dərsləri isə 23 aprel 2023-cü il tarixində Lənkəran, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında təşkil ediləcəkdir. Regionda çalışan həkimlərimiz üçün 12 ixtisas üzrə (Laparoskopik və Ümumi cərrahiyyə, Endoskopiya, Radiologiya, Ultrasonoqrafiya, Urologiya, Nefrologiya və dializ, Kardiologiya, Lazer proktologiya, Ginekologiya, Təcili tibbi yardım (ALS-BLS), Travmatologiya və Ortopediya, Tibb Bacıları ixtisasları) ustad dərsləri və treyninqlər azərbaycanlı və xarici mütəxəssislərin moderatorluğu ilə keçiriləcəkdir. 22 apreldə plenar iclas zamanı regionda ilk dəfə icra olunacaq endoskopik tiroidektomiya əməliyyatı iclas zalına translyasiya edilərək interaktiv müzakirə ediləcəkdir. Regionda təşkil edəcəyimiz maraqlı leksiyalar, ustad dərsləri və treyninqlərdən 300-ə yaxın yerli mütəxəssisin iştirakı və faydalanması gözlənilir.

Tədbirin davamı 24-25 apreldə Bakı şəhərində maraqlı müzakirələr və canlı əməliyyatlarla davam edəcəkdir. 24 apreldə günün ikinci yarısında plenar iclas Badamdart (Pulman) otelin iclas zalında keçiriləcək, 25 apreldə isə canlı əməliyyatların translyasiyası M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin iclas zalında baş tutacaqdır.  Tədbirin gedişində Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar cəmiyyətlərinin rəsmilərinin iştirakı ilə birgə əməkdaşlıq məsələləri də ətraflı müzakirə ediləcəkdir.

Tədbir zamanı Azərbaycan və Özbəkistan təbiblərinin iştirakı ilə Azərbaycan-Özbəkistan Tibb Cəmiyyətinin təşəbbüsü ilə Ulu Öndər H.Əliyevin 100 illiyi çərçivəsində 100 özbəsiktanlı həkimin Azərbaycanda ixtisaslaşması layihəsi çərçivəsində 25 nəfər müxtəlif ixtisaslı mütəxəssisin konqres , treyninq və ustad dərslərində pulsuz iştirakı təmin ediləcəkdir. Eləcə də cəmiyyətin gələcək fəaliyyət planları, əməkdaşlıq məsələləri və yeni proyektləri də müzakirə ediləcəkdir.

 

Hörmətlə,
TƏŞKİLAT KOMİTƏSİ!

Əlavə məlumat almaq üçün
İnternet ünvanı: agtmed-congress.org

Telefon:

Vüqar dr. (+994) 55 342-81-81;
(+ 994) 55 465 22 17
(+ 994) 51 738 98 14

e-Mail:

behbudovv@gmail.com
info@agtmed-congress.org
gatmc2015@gmail.com