Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə IV beynəlxalq tibbi treninqlərə start verilib.
Təlimlərdə Azərbaycanla yanaşı, Almaniya və Türkiyədən olan beynəlxalq səviyyəli alimlər 100-dən çox iştirakçıya laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya və tibbin digər sahələri üzrə ən son yeniliklər barəsində məlumat veriblər. Treninqlər Avropada həkim, rezident və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi üçün tədris edilən proqramlarla aparılıb.
Tədbirdə çıxış edən Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, Almaniyanın Hannover Universitet Klinikasının professoru Mixail Gebel, Türkiyə Haccettepe Universitetinin professoru Meral Kanbak belə tədbirlərin keçirilməsinin Azərbaycanda tibb elminin inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxış edənlər kursların yüksəkixtisaslı həkim kadrların hazırlanması və onların müasir tibbin yenilikləri ilə məlumatlandırılmasında əhəmiyyətini qeyd ediblər.
Üç gün davam edən treninqlər Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 18 davamlı tibbi təhsil balı ilə qiymətləndirilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı