Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyyəti 2014-cü ildən başlayaraq Milli Onkologiya Mərkəzinin təşkilatı dəstəyi ilə Azərbaycanda beynəlxalq səviyyəli Azərbaycan-Alman-Türk Tibb Konqresinin keçirilməsinə başlamışdır. 2015-ci ildə isə Azərbaycan, Almaniya, İsveçrə və Türkiyədən olan 20-yə yaxın tibb mütəxəssislərinin iştirakı ilə Bakı Beynəlxalq Tibbi Treyninq Günləri fakültəsi yaradılaraq konqres çərçivəsində ilk dəfə ən müasir mulyajlardan, simulyatorlardan və treyninq modellərindən istifadə edilməklə açıq və laparoskopik cərrahiyyə, endoskopiya, ginekologiya, radiologiya, ultrasonoqrafiya və s. sahələri əhatə edən beynəlxalq protokollara əsasən tibbi treyninqlər keçirilməyə başladı. Son illər konqres və treyninq iştirakçılarının arealı böyüyərək Azərbaycanla yanaşı Orta Asiya ölkələri, Rusiya, Ukrayna və Türkiyəni də əhatə etmişdir. 26-29 aprel 2018-cil il tarixlərində keçirilən son konqres və treyninqlərə ümumilikdə 800-ə yaxın yerli və xarici iştirakçı qatilmiş və tədbir akkreditasiya olunaraq Avropa Davamlı Tibb Təhsili İnstitutları tərəfindən 30 CME, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən isə 34 DTT balı ilə qiymətləndirilmişdir.
Nəzərinizə çatdırırıq ki, 600-700 iştirakçının qatilacagı gözlənilən növbəti 5-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi və 5-ci Bakı Beynəlxalq Tibbi Treyninq Günləri 3-5 may 2019-cı il tarixlərində Bakı şəhərində, Holiday İnn otelində keçiriləcəkdir. Konqres zamanı cərrahiyyə, onkologiya, qastroenterologiya, radiologiya, ginekologiya, intensiv terapiya və tibbin bir sıra sahələrinin ən aktual problemlərinə həsr olunmuş çıxışlar olacaq və müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında müzakirələr və bilik mübadiləsi aparılacaqdır. Konqresin işində referent qismində Almaniya, Türkiyə, İsveçrə və Avstriyanın Universitet klinikalarında çalışan 20-ə yaxın tanınmış professorlar iştirak edəcəkdir. Mühazirələrlə yanaşı həm də interaktiv diskussiyalar, ağır kliniki halların müzakirəsi keçiriləcəkdir. Tədbirin gedişində maraqlı mühazirələr, diskussiyalar və bilik mübadiləsi ilə paralel olaraq laparoskopik və açıq cərrahiyyə, ginekologiya, endoskopiya, radiologiya, ultrasonoqrafiya üzrə təqribən 300 nəfərə qədər iştirakçının cəlb ediləcəyi 5-ci Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində tibbi treyninqlərin də keçirilməsi planlaşdırılır. Treyninqlər Avropada Davamlı Tibb Təhsili verən müəssisələrdə tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treyninq protokolları əsasında ən müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə keçiriləcəkdir. Kongres və treyninqlərdə aparıcı Avropa ölkələri, Türkiyə, Rusiya və s. ölkələrdən gəlmiş beynəlxalq statuslu mütəxəssislərlə yanaşı azərbaycanlı alimlərimiz də referent, moderator və treyner qismində iştirak edərək xarici həmkarları ilə bilik və təcrübə mübadiləsi aparacaqlar. Bu il də ötən illərdə olduğu kimi Milli Onkologiya Mərkəzi, akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, ET Mama-Ginekologiya İnstitutu və bir sıra digər klinikalarda ginekologiya, radiologiya və endoskopiya sahələri üzrə ustad dərslərinin, canlı əməliyyatların və mürəkkəb xəstələrin müzakirəsinin də keçirilməsi planlaşdırılır.
Ətraflı məlumat: agtmed-congress.org
TƏŞKİLAT KOMİTƏSİ