21 apreldə Bakıda başlayan 2. Azərbaycan-Alman-Türk Tibb Konqresi artıq üçüncü gündür ki, işini uğurla davam edir.
Öncəki günlərdə olduğu kimi 24 apreldə də konqres öz işinə ilk öncə 4 ixtisas üzrə (ümumi və laparosopik cərrahiyə, endoskopiya, ultrasonoqrafiya) 3 səviyyədə (basic, intermediate, advanced) təşkil olunmuş treyninqlərlə başladı.
Bu gün Laparoskopiya qrupunun iştirakçılarına Q.Müslümov, H.Lətifov, İ.Özerhanın moderatorluğu ilə basic qrupunun iştirakçıları ilk öncə laparoskopik xolesistektomiya əməliyyatının texnikasını videoda izlədikdən sonra, bu əməliyyatı heyvan qaraciyərləri üzərində və moderatorların nəzarəti altında sərbəst icra etməyi məşq etdilər. Digər səviyyələrdə də eyni şəkildə olmaqla intermediate qrupunda laparoskopik xolangioqrafiya, advanced qrupunda isə laparoskopik qastroenteroanastomozun qoyulması texnikası öyrədildi.
Endoskopiya qrupunun moderatorları – A.Yusifova, T.Rzayev, F.Məmmədzadə tanınmış MTW firmasının istehsalı olan endoskoplarla basic səviyyəsinin iştirakçılarına mədə polipi modeli üzərində polipektomiya əməliyyatında bazal vərdişlərini öyrətdilər. Intermediate qrupu bir qədər daha mürəkkəb olan endoskopik qastrostomanın qoyulması, advanced qrupunda isə artıq qastrik balon qoyulması texnikaları nümayiş edildi və praktiki tətbiqi öyrədildi.
Radiologiya qrupunda bu gün basic səviyyəsində müxtəlif orqanlarda daşların və digər törəmələrin identifikasiyası və ölçülməsini moderatorlar – M.Gebel, Ş.Musaoğlu və A.Yahyayev öyrətdilər. Daha yuxarı səviyyədə isə iştirakçılara qaraciyərin təcili müayinəsi və elastoqrafiyasının prinsiplərini qısaca izah etdikdəm sonra, praktiki vərdişlərini öyrətdilər. Advanced səviyyədə, ötən gün olduğu kimi, moderator M. Gebel tərəfindən 2 xəstə müayinə olunaraq kontrast ultrasonoqrafiya icra edildi və iştirakçılarla birlikdə müayinənin nəticələri təhlil edildii.
Ümumi cərrahiyə qrupunda iştirakçılar isə fasiləsiz və daridaxili kosmetik tikiş texnikası (basic) , Bilrot-1 və Bilrot 2 üsulu ilə qastrektomiya (intermediate) və Ru üsulu ilə hepatikoyeyuno anastomozun qoyulması (advanced) əməliyyatı videoda izlədikdən və moderatorlar H.Aslanov, E.Tağıyev və E.Əhmədov tərəfindən izah edildikdən sonra, bütün qruplarda olduğu kimi, iştirakçılar sərbəst məşq etdilər.
Ötən günlərdə olduğu kimi, treyninqlərdən sonra 1-ci plenar sessiya başladı və ilk prezentasiyanı Hannover universitet klinikasında Daxili xəstəliklər mərkəzinin əməkdaşı Prof.M.Gebel təqdim etdi. Professor „Kvantitiv elastoqrafiya – reallıqlar və perspektivlər“ adlı çıxışında adı çəkilən metodun prinsipləri barədə məlumat verdikdən sonra, onun qaraciyər xəstəliklərində əhəmiyyətini və nəticələrinin qiymətləndirilməsini izah etdi.
Növbəti məruzəçi – Türk Kolorektal Cəmiyyətinin idarə heyəti üzvü və Ankara Tibb Məktəbinin Kolorektal cərrahiyə şöbəsinin əməkdaşı Prof. A.Kuzu „Kolon xərçənginin cərrahi müalicəsindəli son standartlar: anatomik və texniki aspektlər“ adlı təqdimatını nümayiş etdi. Professor çıxışında mezorektal rezeksiyanın və bu zaman onkoloji və embrioloji prinsiplərin ciddi gözlənməsinin əhəmiyyətini xüsusi qeyd etdi. Dünənki çıxışında olduğu kimi məruzəçi icra etdiyi əməliyyatlardan video və fotoları paylaşaraq, ətraflı təhlil etdi.
Üçüncü çıxışı Türkiyədə Ali Hərbi Tibb Akademiyasının Kolorektal cərrahiyə şöbəsinin müdiri Prof. S. Demirbaş təqdim etdi. „Düz bağırsağın erkən şişlərinin aşkarlanması və mərhələsinin müəyyən edilməsində endorektal sonoqrafiyanın rolu“ adlı təqdimatında professor adı çəkilən metodun üstünlükləri, texniki tərəfləri barədə məlumat verdikdən sonra, dünya databazasından müxtəlif tədqiqatların nəticələrini də paylaşdı.
1-ci plenar sessiyanın son çıxışını Türkiyənin Mərmərə universitetitin Ümumi cərrahiyə şöbəsinin professoru A. Cingi təqdim etdi. “Mexaniki sarılıqla ağırlaşmış periampulyar şişlərin müalicəsində preoperativ biliar drenajlama vacibdirmi?” adlı təqdimatında natiq bu prosedura göstərişlər, problemli məqamları, ağırlaşmaları barədə məlumat verərək bildirdi ki, biliar drenajlama periampulyar şişli xəstələr üçün rutin prosedur kimi tətbiq oluna bilməz və xəstə seçiminin meyarlarını qeyd etdi.
Çay fasiləsindən sonra 2-ci plenar sessiya başladı. Hamburg şəhərində Endoskopik cərrahiyə klinikasında işləyən və Konqresin prezidentlərindən biri olan Dr. med. D. Uyak “Piylənməsi olan xəstələrə 6 və 12 aylıq mədə balonunun implantasiyası” adlı ilk təqdimatını nümayiş etdi. Çıxışında məruzəçi balonların növlərinin fərqini, qoyulmasına göstərişləri, prosedurun erkən və uzaq ağırlaşmlarını izah etdikdən sonra, həmçinin bu xəstələrin uzunmüddətli müşahidəsinin nəticələrini də paylaşdı.
“Metabolik xəstəliklər zamanı endoskopik yanaşmalar” adlı növbəti çıxışı Haydelberq Universitet klinikasının professoru G.Kaehler nümayiş etdi. Son dərəcə maraqlı çıxışında professor müxtəlif endoskopik metodlar, onların çatışmazlıqları barədə məlumat verdikdən sonra, yeni bir metod – EndoBarrier barədə də danışdı. Professor Kaehler həmçinin məlumat verdi ki, bu metodu özü təkmilləşdirərək artıq 3 ildir ki, tətbiq edir.
Növbəti referent olan İstanbul universitetinin tibb fakultəsinin professoru və TOSS prezidenti Prof. Dr. Mustafa Taşkın “Bariatrik cərrahiyədə revizional yanaşmalar” adlı çıxışında 4 xəstəsi barədə məruzə etdi, o cümlədən onların əməliyyatlarından video görüntüləri təqdim edərək, ətraflı təhlil etdi.
TOSS baş katibi Dr. Eren Taşkın “Müxtəlif növ bariatrik əməliyyatlardan sonrakı cərrahi ağırlaşmaların endoskopik müalicəsi” adlı mövzusunda bu cür ağırlaşmalara yeni yanaşmalardan danışdı və onları video görüntü üzərində izah etdi.
Daha sonra həmvətənimiz PD. F. Rafiyev “Bariatrik əməliyyatlar zamanı əməliyyatdaxili ağırlaşmaların profilaktikası və müalicəsi” adlı mövzusu ilə özündən əvvəlki məruzəçilərin çıxışlarını tamamladı və bariatriyada xəstələrin müalicəsinə yanama barədə məlumat verdikdən sonra, rast gəlinə biləcək ağırlaşmaların növləri, səbəbləri, semiotikası və aradan qaldırılması barədə ətraflı danışdı, o cümlədən nümunəvi əməliyyat videoları nümayiş etdi.
2-ci plenar sessiyanın və Konqresin üçüncü gününün son məruzəçisi də həmçinin həmvətənimiz, yəni Dr. T. Ömərov oldu və “Sleeve qastrektomiyadan sonrakı erkən cərrahi ağırlaşmaların profilaktikası və müalicəsi” mövzusunu dinləyicilərə çatdırdı. Çıxışında Dr. T. Ömərov ağırlaşmaların həm əməliyyat vaxtı, həm də sonrakı dövrdə meydana çıxan ağırlaşmaları təhlil edərək, onlara aid nümunəvi videolar nümayiş etdi. Daha sonra məruzəçi öz əməliyyatlarından görüntüləri təqdim edərək, bu ağırlaşmaların profilaktikası barədə məlumat verdi.
2-ci plenar iclasın moderatorları M. Taşkın, F. Rafiyev, T. Ömərov və A. Cingi auditoriyaya təşəkkür etdilər və sabah Konqres çərçivəsində baş tutacaq Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin iclasında iştirak etməyə dəvət etdilər.