Aprelin 26–29-da Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-Alman-Türk Tibb Konqresi keçiriləcək.
Konqres və təlimlərin rəsmi açılış mərasimi aprelin 26-da saat 10:00-da “Monolit Plaza” otelində (Ünvan: M.Müşviq küç.2A) keçiriləcək. Konqresin açılışında Milli Məclisin üzvləri, Səhiyyə və Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı Almaniyanın Azərbaycandakı Səfiri, cənab Michael Kindsgrab, Türkiyənin Azərbaycandakı Səfirinin 1-ci müavini Volkan Öskiper, İsveçrənin Azərbaycandakı Səfirinin müavini Simone Haeberli və digər rəsmilər çıxış edəcəkdir ki, bu da tədbirin əhəmiyyətindən xəbər verir.
Konqresdə Almaniya, İsveçrə, Avstriya, Türkiyə, Rusiya, Özbəkistan və Ukraynanın müxtəlif universitet klinikalarında çalışan 30 nəfərə yaxın professor ekspert və referent qismində iştirak edəcəkdir. Konqres zamanı dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş 800 nəfərə yaxın konqres iştirakçılarına tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunacaq, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, aktual problemlər ətrafında diskussiyalar aparılacaq və azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi baş tutacaqdır.
Onu da qeyd edək ki, konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə və anadan olmasının 90 illiyinə həsr ediləcəkdir.
Artıq dördüncü dəfədir ki, Bakıda keçirilən bu konqres ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınmış və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib. Həmçinin bu il Konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilmişdir.
Konqreslə eyni zamanda beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçiriləcək. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə (laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, urologiya, ginekologiya, histeroskopiya, kardiopulmonar reanimasiya, EKQ kursu, tibb bacıları üçün tibbi vərdişlər kursu və s.) Avropada tanınmış Davos Tibb Kursları və digər proqramlar əsasında beynəlxalq səviyyəli təlimlər təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.
Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcəkdir