Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin verdiyi məlumata görə, Aprelin 26–da Bakı da    cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın müxtəlif universitet klinikalarında çalışan 30-a yaxın professor ekspert və referent heyyəti iştirak edir.

       Bakıda artıq dördüncü dəfə təşkil edilən bu forum ümumi və laparoskopik cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya, urologiya, reanimasiya, intensiv terapiya və ginekologiyanın ən aktual problemlərinə həsr olunmaqla Avropa mərkəzləri tərəfindən Davamlı Tibb Təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu il region ölkələrində ilk dəfə 30 CME kredit balı ilə qiymətləndirilib.

      Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, Azərbaycan-alman-türk tibb konqresinin Azərbaycan tərəfindən prezidenti, professor Qurbanxan Müslümov bildirib ki, həmçinin bu il konqres və təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 34 Davamlı Tibb Təhsili balı ilə qiymətləndirilib.

       Ötən illərdə olduğu kimi, bu il də maraqlı diskussiyalar və çıxışlarla yanaşı, azərbaycanlı, alman və türk mütəxəssisləri tərəfindən laparoskopik və açıq cərrahiyyə, endoskopiya və radiologiya üzrə treninqlər keçiriləcək.

     Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimli bildirib ki, son illər Azərbaycan iqtisadi tərəqqiyə nail olub, ölkənin iqtisadi potensialı artıb ki, bu da öz növbəsində, ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin sabit həllinə şərait yaradıb. Konqresin ilk günü böyük azərbaycanlı alim-cərrah, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə və anadan olmasının 90 illiyinə həsr olunub.

      Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsgrab, İsveçrənin ölkəmizdəki səfirinin müavini Simon Haeberli, kongresin Almaniya və Turkiyə tərəfindən prezidentləri Mikael Gebel və Fatih Can, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digərləri iştirak edib.

      Qonaqlar konqresin işinə uğurlar arzulayıb.

      Qeyd edək ki, konqresə 600-dən çox həkim iştirakçı qismində, 200-dən çox həkim və rezident treninqlərdə iştirak etmək üçün qeydiyyatdan keçib.

       Konqreslə yanaşı eyni zamanda, beynəlxalq statuslu III Bakı Beynəlxalq Tibbi Təlim Günləri də keçirilir. Bu tədbir çərçivəsində tələbə, rezident və həkimlər üçün 12 ixtisas üzrə Avropada tanınmış Davos Tibb Kursları və digər proqramlar əsasında beynəlxalq səviyyəli təlimlər təşkil ediləcək. Təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir tibbi modellər üzərində aparılacaq.

Konqres və təlimlərdə iştirak edənlərə beynəlxalq səviyyəli sertifikatlar veriləcək. IV Azərbaycan-alman-türk tibb konqresi işini aprelin 29-da başa çatdıracaq.