Bakıda növbəti beynəlxalq tibbi tədbir işinə başlamışdır. Belə ki, noyabrın 22-də Bakıda “Holiday İnn” otelində növbəti VI Bakı Beynəlxalq Tibbi Treninq Günlərinin açılış mərasimi olmuşdur.

Açılış mərasimində çıxış edən M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov vurğulamışdır ki, əsası 2014-cü ildə Milli Onkologiya Mərkəzi və Azərbaycan Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən qoyulmuş bu treninqlər zamanı Azərbaycan, Rusiya və Orta Asiya ölkələrindən gəlmiş 100-dən çox həkim, rezident və tələbələr üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, ginekologiya, kardiopulmonar reanimasiya və lazer təbabəti üzrə Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treninqlər və vərdişlər kursu təşkil ediləcək.

Açılış mərasimində iştirak edən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru S.Hadıyev, Ürək-damar Cərrahiyyəsi Cəmiyyətinin sədri prof.K.Musayev  bu tip tədbirlərin tibbin inkaşafında mühüm rol oynadığını, gənc kadrların hazırlanmasında və onaların Davamlı Tibb Təhsili proqramı üzrə təkminləşməsi baxımında çox əhəmiyyətli olduğunu qeyd elədilər. Daha sonra tədbirin Plenar hissəsinin moderatorları qismində olan prof.R.Ağayev, prof.A.Memiş tədbirin təşkilini yüksək qiymətləndirərək, növbəti günlərdəki treninqlərdə hər kəsə uğurlar arzuladı.

Konqresin plenar hissəsində Prof.Q.Müslümov “Cərrahiyyədə baş verən səhvlər, səbəbləri, profilaktikası və aradan qaldırılma yolları”, Prof.A.Memiş “Multidissiplinar təbabətdə invaziv radiologiyanın yeri və rolu”, Prof.İ.Mahalov “Çanaq dibi cərrahiyyəsində son nailiyyətlər”, D.O.İbrahimzadə “Müasir təbabətdə lazer texnologiyalarının tətbiqi” haqqında məruzələrlə çıxış etdilər. Çıxışlar auditorianın böyük marağına səbəb oldu və hər çıxışın sonunda mövzuya dair diskussiyalar aparıldı.

Fasilədən sonra cərrahiyyənin tibbin ən aktual problemlərinə həsr olunmuş  mövzularda: “Cərrahiyyədə tromboembolik ağırlaşmaların profilaktikası” və “Xoledoxolitiaz zamanı müalicə taktikası necə olmalıdır?”  adlı panel müzakirələ məruzələr oxundu, ağır kliniki halların müzakirəsi dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş iştirakçıların geniş diskusiyası ilə aparıldı.

23-24 noyabr tarixlərində Bakı Beynəlxalq Tibbi Treninq Günlərində Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir avadanlıqlar, simulyatorlar və tibbi modellər üzərində aparılacaq. əməliyyatların canlı translyasiyası və treninqlər “Holliday İnn” otelində, ustad dərsləri isə müxtəlif klinikalarda keçiriləcəyi planlaşdırılır. Tədbir çərçivəsində müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edilməsi, həmçinin müxtəlif həcmli cərrahi əməliyyatların canlı olaraq zala birbaşa translyasiyası ilə interaktiv müzakirələrin də aparılması nəzərdə tutulub.

Onu da qeyd edək ki, VI Bakı Beynəlxalq Tibbi Treninq Günləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsili tədbiri olaraq akkreditasiya olunaraq 22 balla qiymətləndirilmişdir.