[:az]Öncə məlumat
verildiyi kimi, Konqres çərçivəsində həyata keçiriləcək treyninqlərdə hər bir qrupda təlim 3 səviyyə üzrə keçiriləcək – basic, intermediate, advanced. Hər səviyyədə nəzərdə tutulan tədriq proqramı iştirakçıların bilik və bacarıqlarını nəzərə alır. Beləliklə, Endoskopiya qrupunun Advanced səviyyəsində iştirakçıların öyrənəcəkləri texnikalardan biri də Perkutan Endoskopik Qastrostomiya (PEQ) olacaq.
Müasir dövrdə praktikaya ən yeni endoskopik texnologiyaların daxil edilməsi ilə mütəxəssislər qastrostomanın qoyulması prosedurunun xeyli asanlaşdırılmasına nail olublar.
Odur ki, Perkutan endoskopik qastrostomiya – uzunmüddətli (3 həftədən çox) enteral zondla qidalanma tələb olunan hallarda (udma funksiyası və ya şüurun bərpa olunması cəhətdən müsbət proqnoz olmadığı hallar) seçim üsuluna çevrilmişdir. Bu prosedurun aparılması üçün əsas şərt ağız-udlaq və qida borusu keçiriciliyinin normal saxlanılmasıdır; əks halda cərrahlar, bir qayda olaraq, laparoskopik qastrotomiyaya müraciət edirlər.
Bundan əlavə PEQ-nın icrasına bir sıra digər əks-göstərişlər də vardır: mədə və onikibarmaq bağırsağın peptik xorası, sepsis, peritonit, kəskin assit, qanaxmaya meyllik, anatomik defektlər (iltihab və ya əvvəlki cərrahi müdaxilələr nəticəsində).
Bu metodika ilə qastrostomanın qoyulması iki həkim tərəfindən icra edilir. Ilk növbədə həkim ezofaqofibroqastroskopiya apararaq, mədənin ön divarında minimal vaskulyarizasiyaya malik olan təhlükəsiz nahiyə seçir.
Mədə kifayət qədər hava ilə doldurulduqdan sonra prosedur aparılan otaqda qaranlıq şərait yaradılır. Endoskopun ucunu mədənin ön divarına dirənənə qədər yaxınlaşdırırlar və qarnın ön divarının diafanoskopiyası vasitəsilə punksiya üçün nəzərdə tutulan yeri (adətən ağ xəttdən kənarda) nişanlayırlar və qarnın ön divarına barmaqla basaraq dəqiqləşdirirlər. 
Daha sonra müvafiq əməliyyat sahəsi antiseptiklərlə işlənir, qarnın ön divarının bütün qalınlığı boyunca yerli anesteziyası icra edilir və seçilmiş nöqtədə neştərlə dəridə kəsik aparılır. Endoskopik nəzarət altında perkutan olaraq mədə divarı troakarla punksiya edilir və stilet xaric olunur. Troakarın kanyulasını barmaqla fiksə edərək mədəyə uzun möhkəm sap kanyuladan salınır. Sap biopsiya maşaları ilə tutulur və endoskop xaric edilir.
Kanyuladan keçirilmiş sap qastrostomik kateterin konusundakı sapa bağlanılıb düyünlənir. Sapın köməyi ilə qastrostomik kateter mədəyə belə bir şəkildə yerləşdirilir ki, onun plastik konusu troakarın kanyulasına söykənsin; və kanyula ilə birlikdə kateter mədənin və qarnın divarından keçirlir (alətin geniş uc hissəsi mədənin ön divarına söykənənə kimi). Qastrostomik zondun konusu fiksəedici lövhənin ortasındakı dəlikdən, sonra isə tunelindən keçirilir. Lövhə, sıx təsbit olunma hissi yaranana qədər, kateter boyunca ehtiyatla sürüşdürülür. Prosedurun sonunda konus kəsilib atılır və stomanın xarici ucuna kanyula birləşdirilir ki, onun vasitəsilə sonralar qidalandırıcı məhlullar daxil olunacaq.
Ilk həftə ərzində sarğı hər gün, sonrakı dövrdə isə günaşırı dəyişdirilir.
PEQ-dən sonrakı ağırlaşmaların tezliyi 0,8%-dən çox olmur. Əsas problemlər qastrostomik borunun qoyulması, maye, qidanın tənəffüs yollarına aspirasiyası ilə əlaqədar yaranır. Çox nadir hallarda digər orqanların zədələnməsi, qarında köp, ürəkbulanma, diareya, boruətrafı dəri nahiyəsində iltihab, infeksion proses, qıcıqlanma yarana bilər. Ağırlaşmalar riskinin birbaşa asılı olduğu faktorlar bunlardır: şəkərli diabetin olması, ahıl yaş, alkoholdan sui istifadə, narkotiklərin qəbulu, yaxın zamanda qarın boşluğunda əməliyyatların keçirilməsi.
https://www.youtube.com/watch?v=YjkZ6mQJ4JU
[:]