21 aprel tarixində Azərbaycan Alman Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatı dəstəyi ilə baş tutacaq 2. Azərbaycan-Alman-Türk Tibb Konqresinin açılış mərasimi keçiriləcək. Konqresin xarici qonaqları, prezidentləri və Azərbaycanın dövlət xadimləri tərəfindən Ulu öndər Heydər Əliyevin məzarına ziyarətdən sonra, “Monolit Plaza” otelində tədbirin rəsmi açılışı baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Fövqələdə və səlahiyyətli səfiri Alper Coşkundan əlavə, həmçinin Konqresin prezidentləri – Prof. Dr. Qurbanxan Müslümov və Dr.med. Deniz Uyak, xarici qonaqlar – Prof. M. Gebel və Prof. A. Kuzu və Azərbaycanın bir neçə dövlət xadiminin də iştirakı nəzərdə tutulub.
Konqres 21-25 Aprel 2016-cı il tarixlərini əhatə edəcək. Konqresdə Almaniyanın, İsveçrənin, Avstriyanın, Türkiyənin və digər Avropa ölkələrinin Universitet Klinikalarından dəvət edilmiş professorlar referent qismində iştirak edəcəklər. Konqres Monolit Plaza otelində baş tutacaq. Tədbirin gedişində hər gün həkim, rezident və tələbələr üçün nəzərdə tutulmuş Laparoskopik və Ümumi cərrahiyə, Endoskopiya və Ultrasonoqrafiya ixtisasları üzrə 3 səviyyədə və həmçinin tibb bacıları üçün İlk tibbi yardım üzrə və 24 CME (Continuing Medical Education) balı olan Workshoplar da keçiriləcək. Qeyd etmək lazımdır ki, ötən ilki Konqresdə bu Workshoplara postsovet məkanında ilk dəfə 21 CME balı verilmiş və sertifikatları beynəlxalq status qazanmışdır. Bu Workshoplar üçün Almaniyanın əksər universitet klinikalarında tibbi simulyasiya məqsədilə istifadə olunan Erler Zimmer firması tərəfindən istehsal olunmuş xüsusi simulyatorlar gətirilmişdir. Belə ki, xüsusi mulyaj üzərində eyni zamanda süni nəfəs vermə və ürəyin qapalı masajının aparılması metodikası öyrədiləcəkdir. Bu simulyatorlardan əlavə, iştirakçılara Esculap firmasının istehsalı olan 3D Laparoskopik cərrahiyə avadanlıqları dəstilə müxtəlif manipulyasiyaları icra etmə imkanı yaradılacaq.
Konqresdə yanaşı olaraq Azərbaycan Minimal İnvaziv və Endoskopik Cərrahlar Cəmiyyətinin 2. Konqresi də baş tutacaq.
Konqres çərçivəsində həmçinin Tələbə, rezident və gənc həkimlərin Cərrahiyə, Onkologiya, Radiologiya və Qastroenterologiyanın aktual problemlərinə həsr edilmiş məruzələrindən ibarət forumu da keçiriləcək. Münsiflər heyətinin qərarı ilə 2-ci və 3-cü yerlərin sahiblərinə xüsusi mükafatlarla, 1-ci yerin qalibi isə Almaniyada 1 aylıq tibbi praktika keçmək imkanı ilə təltif ediləcəklər.
Bundan əlavə Tələbə forumu zamanı Deutsche Ärztekammer, German Hospital Groups, Almaniyanın qeyri-hökumət professional təşkilatlarının nümayəndə heyətinin iştirakı ilə Simpozium keçiriləcək. Bu Simpozium zamanı aşağıda qeyd olunan məsələlər geniş müzakirə ediləcək:
- Gələcəkdə Almaniyada tibbi təhsil almaq, işləmək arzusunda olanlar üçün alman tibbi tədris proqramları əsasında Approbation imtahanına hazırlıq kurslarının, sınaq imtahanlarının və bu sahədə ixtisaslaşmış alman mütəxəssisləri ilə online dərs proqramlarının təşkil edilməsi;
- Azərbaycanlı tələbələrin və həkimlərin Almaniyada qısa müddətli hospitation keçdikdən sonra Beruferlaubnisin (iş icazəsi) alınması;
- Daha sonra tələbələrin Approbation imtahanı üçün termininin alınması
Beləliklə, Almaniyanın Rheinland-Pfalz torpağının minister prezidenti Malu Dreyerin Konqresin təşkilati komitəsinə yazdığı təbrik məktubunda qeyd etdiyi kimi, 2. Azərbaycan-Alman-Türk Tibb Konqresi tibb sahəsindəki ixtisas biliklərinin beynəlxalq səviyyədə şəbəkələşməsinə, bununla da xəstəliklərin vaxtında aşkarlanmasına və insanların sağlamlığının qorunmasına şərait yaradacaq.