Select Page

[:az]Bakı. Könül Kamilqızı – APA.  Bu gün Bakıda Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə II Azəbaycan-Alman-Türk tibb konqresi öz işinə başlayıb.

APA-nın xəbərinə görə,  konqresinin açılışında çıxış edən Azəbaycan-Alman-Türk tibb konqresinin prezidenti Qurbanxan Müslümov deyib ki, ötən ilin aprel  ayında keçirilən I Azəbaycan-Alman-Türk tibb konqresində Almaniyadan, Türkiyədən və İsveçrədən dəvət edilmiş 15-ə yaxın mütəxəssis iştirak edib. Onun sözlərinə görə, bu il keçirilən  konqresə Almaniya, Türkiyə və İsveçrənin Universitet Klinikalarından təqribən 20-yə yaxın tibbin müxtəlif sahələrində çalışan, dünyanın tanınmış, qabaqcıl mütəxəssisləri referent və treyner qismində dəvət edilib: “3 gün davam edəcək konqresin əsas mövzusu onkologiyanın, cərrahiyyənin, qastroenterologiyanın və radiologiyanın ən aktual problemləri, müxtəlif xəstəliklərin müalicəsinə ayrı-ayrı peşə sahiblərinin müqayisəli münasibəti və bu gün bu xəstəliklərin müalicəsində dünyanın aparıcı klinikalarda tətbiq olunan qabaqcıl müalicə protokolları və taktikaların müzakirəsidir. Konqresin gedişində həkim, tələbə və rezidentlər üçün ümumi cərrahiyyə, laparoskopik cərrahiyyə, damar cərrahiyyəsi, endoskopiya, ultrasonoqrafiya və radiologiya sahələrində adi sadə vərdişlərdən tutmuş ən mürəkkəb tibbi prosedurların icra edilməsinə qədər treyninqlər keçirilməsi planlaşdırılır. Bu treninqlər Avropanın və dünyanın qabaqcıl ölkələrində tibb mütəxəssislərin ixtisaslaşması ilə məşğul olmuş ən qabaqcıl texnologiyaların istifadəsi ilə aparılacaq. Treninqlərə rəhbərlik Almaniya, İsveçrə və Türkiyədən dəvət edilmiş xarici mütəxəssislərlə yanaşı Azərbaycanın da bu sahədə təcrübəsi olan yüksək ixtisaslı mütəxəssisləri ilə birlikdə aparılacaq”.

Konqresin digər prezidenti Mixael Gebel bu tədbirin təşkilatçısı olmaqdan məmnun olduğunu deyib. O, belə konqreslərin  keçirilməsi ilə tibb sahəsinin inkişafına töhfə verə biləcəklərinə də ümid etdiyini bildirib.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Türkiyə üçün Azərbaycanın nə dərəcədə önəmli olduğunu deməyə ehtiyac yoxdur: “Azərbaycan böyük bir tarixə, zənginliyə, qədim bəşəri qaynaqlara malikdir.  Azərbaycanın inkişafı yalnız Avropa Oyunları, Formula-1 kimi yarışların keçirilməsi ilə ölçülmür. Bu gün Azərbaycan 25 il əvvəl olduğu kimi dəstəyə ehtiyacı olan dövlət yox, özü artıq dəstək verən bir ölkəyə çevrilib. Bu il müstəqilliyinin 25-ci ildönümündə Azərbaycan Türkiyəyə dəstək ola bilən bir ölkədir.  Azərbaycanla işbirliyi önəmli bir nöqtəyə gəlib çatıb. Azərbaycan-Türkiyə iş birliyinin nəticələri ortadadır”.

Tədbirin davamında qonaqlar, millət vəkillərin belə bir konqresin keçirilməsini yüksək qiymətləndirərək qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini bildiriblər.

[:]