Select Page

[:az]Xəbər verdiyimiz kimi, 21 apreldə Bakıda 2-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi öz işinə start vermişdir. Bu beynəlxalq səviyyəli konqres ölkəmizdə artıq iki ildir ki, keçirilir və MDB məkanında yeganə konqresdi ki, 24 davamlı tibb təhsili balı qazanmışdır.

22 apreldə də konqres öz işinə ilk öncə 4 ixtisas üzrə (ümumi və laparosopik cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya) 3 səviyyədə(basic, intermediate, advanced) təşkil olunmuş treyninqlərlə başladı.
Laparoskopiya qrupunun iştirakçılarına Q.Müslümov, H.Lətifov, İ.Özerhan, və F.Rəfiyev tərəfindən ən müasir avadanlıqlardan istifadə etməklə laparoskopik cərrahiyyənin təməlini təşkil edən kameranın iş prinsipi, laparoskopik xolesistektomiya və laparoskopik düyünvurma texnikası öyrədildi.

Endoskopiya qrupunn moderatorları A.Yusifova, T.Rzayev və F.Məmmədzadə çox həvəslə gənc həkim və tələbələrə tanınmış MTW firmasının istehsalı olan endoskoplarla qastroskopiyanın və kolonoskopiyanın bazis verdişləri, mədə polipi modelində polipektomiyanın əsas prinsipləri xəstələrə aşılandı.

Radiologiya qrupunun moderatorları M.Gebel, Ş.Musaoğlu və A.Yahyayev ən son model avadanlıqlarla ultrasonoqrafiyanın əsas prinsipləri, doppler və spektral ultrasonoqrafiyanın özəllikləri barədə danışdılar və sonda heyvan orqanları modelində qaraciyər və böyrək biopsiyası iştirakçılar tərəfindən icra olundu.

Ümumi cərrahiyyə qrupunun iştirakçılarına düyün və fasiləsiz tikiş texnikası, uc-uca, yan-yana və uc-yana bağırsaq anastomozlarının formalaşdırılması moderatorlar H.Aslanov, E.Tağıyev və E.Əhmədov tərəfindən izah edildi və daha sonra iştirakçılar tərəfindən icra edildi.

Konqres çərçivəsində iştirakçılara treyninqlərlə yanaşı 2 plenar sessiyada maraqlı mühazirələr də oxundu. İlk prezentasiyanı təqdim edən Almaniya Endoskopistlər Cəmiyyətinin sədri, Haydelberq Universitet klinikasının profesoru G.Kaehler NOTES: Edoskopik cərrahiyyənin gələcəyi, yoxsa industriyanın uydurması? adlı fəlsəfi bir çıxış edərək son illər xüsusən də Almaniyada sürətlə inkişaf edən bu sahə barədə şəxsi baxış və mülahiyəzələrini yürütdü.
Hanover Tibb Mərkəzinin professoru M.Gebel Kontrast ultrasonoqrafiyanın imkanları və perspektivləri mövzusunda ultrasonoqrafiyanın ən müasir bir şaxəsinə ekskursiya edərək bu müayinə üsulunun xüsusiyyətlərini ətraflı şərh etdi və müxtəlif patologiyalar zamanı onun diaqnostik imkanlarını dəyərləndirdi.

1-ci plenar iclasın son çıxışını Marmara Universitet Klinikasının professoru A.Cingi edərək Pankreasın quyruğunun şişlərin görə laparoskopik sol hemipankreatektomiya: dalaqqoruyucu, yoxsa splenektomiya? mövzusunda şəxsi təcrübəsinə əsaslananraq bu patologiya zamanı splenektomiyanın aparılıb-aparılmaması ilə bağlı öz mülahizələrini qeyd etdi.

2-ci plenar iclas cay fasiləsindən sonra öz işinə davam etdi. Elmi Cərrahiyyə Mərkəzinin professoru Q.Müslümov tərəfindən Qida borusunun xərçənginə görə torakolaparoskopik ezofaqektomiya zamanı limfadisseksiya adlı viddeo mühazirə ilə çıxış edərək auditoriyada xüsusi maraq oyadaraq geniş diskussiyalara səbəb oldu. Professor öz mühazirəsində bu əməliyyat zamanı limfadisseksiyanın aparılmasına xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Azərbaycanda artıq uzun illərdi çalışan professor A.Memiş Pereampulyar şişlərin rezektabelliyinin müəyyən edilməsində KT və MRT imkanları adlı mühazirəsində çoxsaylı illustrasiyalarla bu patalogiya zamanı müxtəlif radioloji müayinə metodlarının imkanların dəyərləndirdi.

Sonda prof. G.Kaehler Düz bağırsaq xərçəngi zamanı endoskopik mukozektomiya: xəstə seçimi, onkoloji radikallıq və uzaq nəticələr adlı maraqlı mühazini auditoriyaya təqdim etdi. Natiq öz çıxışında onkoloji radikallığın dəyərləndirlməsi nüanslarına xüsusi yer ayırdı. Sonda geniş müzakirələr və diskussiyalarla plenar iclas yekunlaşdırıldı. Plenar iclasın moderatorları prof. G.Rüstəmov, İ.Özerhan, Q.Müslümov, G.Kaehler auditoriyaya təşəkkür etdilər və sabah konqresin davam edəcəyini bildirdilər.

 

[:]