Xəbər verdiyimiz kimi, 21 apreldə Bakıda 2-ci Azərbaycan-Alman-Türk Tibb Konqresi öz işinə start vermişdir və artıq ikinci gündür ki, uğurla davam edir.
Öncəki gündə olduğu kimi 23 apreldə də konqres öz işinə ilk öncə 4 ixtisas üzrə (ümumi və laparosopik cərrahiyə, endoskopiya, ultrasonoqrafiya) 3 səviyyədə (basic, intermediate, advanced) təşkil olunmuş treyninqlərlə başladı.
Bu gün Laparoskopiya qrupunun iştirakçılarına Q.Müslümov, H.Lətifov, İ.Özerhan, və G. Kaehler, F.Rəfiyev tərəfindən ən müasir avadanlıqlardan istifadə etməklə laparoskopik cərrahiyədə mühüm manipulyasiya olan disseksiya (heyvan orqanları üzərində), laparoskopik appendektomiya və fundoplikasiya əməliyyatları öyrədildi və sərbəst məşq etmək imkanı verildi.
Endoskopiya qrupunun moderatorları – A.Yusifova, T.Rzayev, F.Məmmədzadə çox həvəslə gənc həkim və tələbələrə tanınmış MTW firmasının istehsalı olan endoskoplarla endoskopik biopsiyanın götürülməsi, müxtəlif törəmələri nendoskopik identifikasiyası, qida borusu və mədə qanaxmalarına görə liqaklip və bantlama vərdişlərini və qastrik ballon implantasiyası prosedurunu öyrətdilər.
Radiologiya qrupunun moderatorları – M.Gebel, Ş.Musaoğlu və A.Yahyayev ən son model avadanlıqlarla iştirakçılara müxtəlif orqanların US müayinə prinsiplərini, damarlar və abses boşluqlarının punksiyası texnikasını prosedurlarını nümayiş edib, icrasını öyrətdilər. Advanced qrupunda isə 4 nəfər real xəstələrin qaraciyərinin ultrasonoqrafik müayinəsi, o cümlədən kvantitiv elastoqrafiyası aparıldı.
Ümumi cərrahiyə qrupunda isə bağırsaq və damar tikişləri, dərində və alətlə düyün bağlama texnikaları, müxtəlif növ damar və bağırsaq anastomozları, həmçinin kolorektal anastomozların qoyulması moderatorlar H.Aslanov, E.Tağıyev və E.Əhmədov tərəfindən izah edildikdən sonra iştirakçılar sərbəst məşq etdilər.
Bundan əlavə Konqres çərçivəsində iştirakçılara treyninqlərlə yanaşı 2 plenar sessiya da maraqlı mühazirələr də oxundu. İlk prezentasiyanı təqdim edən Almaniyanın Hamburg şəhərində Endoskopik cərrahiyə klinikasında işləyən və Konqresin prezidentlərindən biri olan Dr. med. D. Uyak təqdim etdi. “POSE: Primary Obesity Surgery Endoluminal” adlı çıxışında piylənmədən əziyyət çəkən xəstələr üçün yeni endoskopik prosedurun üstünlükləri barədə danışdı.
Növbəti məruzəçi -Türkiyənin İstanbul şəhərində Onkoloji klinikanın əməkdaşı Dr. E. Canbay “Kolorektal xərçəng mənşəli peritoneal karsinomatoz zamanı HİPEC və PİPAC”adlı təqdimatında adı çəkilən innovativ metodların nəticələri və perspektivləri barədə məlumat verdi. Dr. E. Canbay çıxışında qeyd etdi ki, bu metodlar peritoneal metastazı olan xəstələrin ömrünün uzadılması və həyat keyfiyyətinin yüksəldilməsində artıq əhəmiyyətli effekt nümayiş ediblər, lakin bu istiqamətində yeni araşdırmaların aparılması zəruridir.
Üçüncü çıxışı Türkiyədə Ali Hərbi Tibb Akademiyasının Kolorektal cərrahiyə şöbəsinin müdiri Prof. S. Demirbaş təqdim etdim. “Düzbağırsağın çox aşağı lokalizasiyalı xərçəngi zamanı intrasfinkter rezeksiyalar: radikallıq, yoxsa həyat keyfiyyəti?” adlı məruzəsində Professor əməliyyatdan video görüntüləri təqdim edərək prosedurun texniki incəliklərindən danışmaqdan əlavə, həmçinin məsələnin etik tərəflərinədə toxundu.
1-ci plenar sessiyanın son çıxışını Türkiyədə Ali Hərbi Tibb Akademiyasının Kolorektal cərrahiyə şöbəsinin dosenti Dr. İ. H. Özerhan təqdim etdi və “Qaraciyərə metastaz vermiş kolorektal xərçəngin müalicəsində müasir yanaşmalar” adlı təqdimatını nümayiş etdi.Çıxışında məruzəçi bir neçə kriteriləri əsas götürərək, onların müxtəlif kombinasiyası hallarında həkimin taktikasını ətraflı təhlil etdi.

Plenar sessiyalar arasındakı çay fasiləsində Konqresin Prezidenti Q.Müslümov ve Azərbaycan Tibb Universitetinin xarici əlaqələr ofisinin rəhbəri Nadir müəllim xarici qonaqlarla gələcəkdə akademik əlaqələrin davam ətdirilməsi və Azərbaycanda tibb təhsilinin inkisafı üçün alman ve türk universitetləri ilə əlaqələrin möhkəmləndirilməsi yönümünde müzakirələr aparIldı.

Çay fasiləsindən sonra 2-ci plenar sessiya başladı. Sessiyanın “Yenidoğulmuşlarda və azyaşlılarda minimal invaziv cərrahiyə” mövzulu ilk məruzəsini Elmi Tədqiqat Pediatriya İnstitutunun əməkdaşı G. Ağayev oxudu. Məruzəsində həmvətənimiz körpələrdə laparoskopik prosedurların xüsusiyyətlərini, üstünlüklərini, texniki tərəflərini təhlil etdi və icra etdiyi əməliyyatlardan video görüntüləri paylaşdı.
Növbəti çıxış Türkiyənin Mərmərə universitetitin Daxili xəstəliklər və Qastroenterologiya üzrə professoru MD.D.G. Duman tərəfindən təqdim olundu. Professor kiçik subepitelial törəmələr barədə son dərəcə maraqlı məruzəsində bu törəmələrin xüsusiyyətləri, proqnostik faktorlar və onlara yanaşma barədə məlumat verdi.
Daha sonra Almaniya Endoskopistlər Cəmiyyətinin sədri, Haydelberq Universitet klinikasının profesoru G.Kaehler “Barret xərçəngi: endoskopik diaqnostika, terapiya və proqnozu” mövzusunda təqdimat nümayiş edərək, bu xəstəliyə endoskopik yanaşma, profilaktikası və endoskopik rezeksiyanın texnikası barədə məlumat verdi.
2-ci plenar sessiyanın və Konqresin ikinci gününün son çıxışını Türk Kolorektal Cəmiyyətinin idarə heyəti üzvü və Ankara Tibb Məktəbinin Kolorektal cərrahiyə şöbəsinin əməkdaşı Prof. A.Kuzu təqdim edərək, “Kolorektal xərçəng laparoskopik, yoxsa açıq müalicə olunmalıdır: reallıqlar və perspektivlər” adlı təqdimatında çox aktual mövzuya toxundu. Professor bildirdi ki, seçilən texnikadan asılı olmayaraq – açıq, laparoskopik və ya robotik – əməliyyatın radikallığı və uzaq nəticələri cərrahın əl vərdişlərinin mükəmməlliyindən və əməliyyat sahəsinin anatomiyasına bələdliyindən asılıdır.
Plenar iclasın moderatorları M. Gebel, F. Camalov, S. Demirbaş və X. Musayev auditoriyaya təşəkkür etdilər və sabah Konqresin davam edəcəyini bildirdilər.
Günün sonunda Konqresin xarici qonaqları və təşkilati komitəsinin iştirakı ilə ziyafət keçirildi. Ziyafət zamanı xarici qonaqlarımıza Azərbaycandan xatirə olaraq milli simvolik hədiyyələr təqdim olundu. Beləliklə, musiqi və bol əyləncəli axşamla, xoş və mehriban abu-havada Konqresin ikinci günü başa çatdı.